Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi (DƏM) 1997-ci il 27 yanvar tarixində yaradılıb. 2011-ci ildə isə DƏM-in bazasında ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) təsis edilib.
DƏMX mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər (işəgötürənlər) tərəfindən Əmək Məcəlləsinə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Xidmət vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən bilavasitə və öz səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmkarlar ittifaqları, işəgötürənlər birlikləri, yerli özünüidarəetmə orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Xidmət əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edir və öz səlahiyyətləri daxilində həmin siyasətin həyata keçirilməsini təmin edir.